Qriqori təqviminin Cənubi Qafqazda  nə vaxtdan rəsmən tətbiq edilməsi dəqiqləşdirildi

Законъ о введенiи въ ЗакавказьѢ новаго стиля

     Hazırda dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının rəsmi təqvimi olan Qriqori təqvimi daha əvvəlki Yuli təqviminin islah olunmuş variantı olmaqla 4 oktyabr 1582-ci ildən Papa XIII Qriqorinin göstərişi ilə tərtib olunmuşdur, lakin ayrı-ayrı ölkələr bu təqvimə müxtəlif vaxtlarda keçmişlər.

    Yuli təvimi hər 400 ildə təxminən 3 gün qabağa qaçırdı. Məsələn, əgər eranın başlanğıcında - İusus Xristosun doğulduğu illərdə gecə-gündüz bərabərliyi (başqa sözlə, Novruz bayramı) martın 23-nə düşübsə, 1600-cü ildə martın 11-nə təsadüf etməli idi (23-((1600:400)Х3)). Ona görə də Papa Qriqori təqvimində islahat etməyə məcbur olmuşdu və 4 oktyabr 1582-ci il tarixdən sonra İspaniya, İtaliya, Portuqaliya, Reç-Pospolitiya (Büyük Litva knyazlığı və Polşa tərkibində federativ dövlət) ərazisində elan edildi ki, heç də oktyabrın 5-i yox, əslində oktyabrdın 15-dir! Lakin provoslav məzhəbli xristianlar Papa Qriqorinin islahatını dərhal tanımadılar. Məsələn, Rusiya 1918-ci ilə qədər Qriqori təqviminə keçmədi və yalnız göstərilən ildə, V.İ.Leninin dekreti ilə 31 yanvar 1918-ci il tarixdə Rusiyada elan edildi ki, bəs sabah heç də fevralın 1-i yox, əslində fevralın 13-üdür. Azərbaycanda isə indiyə qədər məlum deyildi ki, Qriqori təqviminə nə vaxt keçilib, 1918-ci ildə Azərbaycan Sovet Rusiyasının tərkibində olmadığı üçün, aydındır ki, Leninin dekretinin də buraya aidiyyəti olmamalı idi. Üstəlik, Türkiyə də Qruqori təqviminə o vaxt hələ keçməmişdir...

    Lakin bu yaxınlarda görkəmli tarixçi-tədqiqatçı Ədalət Tahirzadənin Gürcüstan Mərkəzi Tarix Arxivində aşkar etdiyi sənəd əsasında (fond 1819; siyahı 1; iş: 63; vərəq: 132) dəqiqləşdi ki, Cənubi Qafqazda Qriqori təqviminə Zaqafqaziya seymi vaxtında keçilmişdir. Həmin sənədin - "Zakon"un, 2-ci bəndinə əsasən,  1918-ci il Yuli təqviminin aprel ayının 17-dən 18-nə keçən gecə saat 12-dən etbarən, Zaqafqaziya seymininin idarəçiliyində olan ərazilərdə rəsmən Qriqori təqvimi təqviminə keçilir və elan olunur ki artıq heç də aprelin 18 yox, əslində mayın 1-idir.

 

A.Məmmədov

05 iyun 2011-ci il